İran və Ermənistan rəsmiləri Norduz sərhəd-keçid məntəqəsində gömrük maneələrinin aradan qaldırılması və logistika infrastrukturunun təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.
İranın Yol və Şəhərsalma nazirinin müavini Rza Əkbəri, Ermənistanın infrastruktur və ərazi idarəetmə nazirinin müavini ilə Norduz sərhəd-keçid məntəqəsində birgə iclas keçirib. Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və tranzit imkanlarından maksimum istifadə edilməsi vurğulanıb. Tərəflər mövcud maneələrin aradan qaldırılması, gömrük prosedurlarının vaxtının azaldılması və sərhəd keçidlərində xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Məqsəd regional tranzit marşrutlarında hər iki ölkənin rolunu gücləndirmək və logistika infrastrukturunu inkişaf etdirməkdir. Norduz sərhəd-keçid məntəqəsi ticarət mübadiləsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
